Gənclər üçün dualar (#4736)

Sən Ey Mehriban Rəbbim! İnqita üfüqündən Sən elə ruhlar zahir etmisən ki, onlar nur saçan bir ay tək ürək və könül dünyasını işıqlandırıb nura boyadılar, özlərini bütünlüklə varlıq dünyasının nişanələrinindən azad edib, ölümsüzlük səltənətinə tələsdilər. Öz inayət dənizinin şəbnəmləri ilə Sən hər an onların könül gülşəninə bir təravət əta etdin, ta o vaxtadək ki, onlar misilsiz lətafət və gözəllik əldə etdilər. Öz xoş ətirlərini bütün dünyanın üzərinə səpməklə, yer üzününün bütün diyarlarının ənbər saçmasına səbəb olaraq, Sənin ilahi birliyinin rahiyələri hər yana yayıldı.

Ey Paklıq Ruhu, indi elə şəxslər yetir ki, o müqqədəs varlıqlar kimi, azad və pak olsunlar, yaradılış aləmini yeni geyim və ecazkar libas ilə bəzəsinlər, Səndən başqa heç kəsi axtarmasınlar, Sənin razılıq yolundan başqa bir yolla getməsinlər, Sənin Əmrinin sirrindən başqa bir şey danışmasınlar.

Sən Ey Mehriban Allah! İzn ver, bu gənc, o pak övliyaların can atdığı ən yüksək arzulara çatsın. Öz gücləndirici fəzlinlə ona inqita və İlahi yardım qanadları əta eylə ki, onlarla o, Sənin rəhmaniyyət fəzanda pərvaz etsin, Sənin səmavi nemətlərindən dadsın, İlahi hidayət nişanəsi və Səma Sakinlərinin nümunəsi olsun. Sən Qüvvətlisən, Qüdrətlisən, Görən və Eşidənsən.

-`Abdu'l-Bahá
-----------------------

Gənclər üçün dualar (#4737)

Sən Ey Mehriban Allah! Mərhəmətlə bu körpə quşların hər birinə bir cüt səmavi qanad əta eylə və onlara ruhani qüvvə ver ki, bu sonsuz fəzada pərvaz etsinlər və Əbha Mələkutunun zirvəsinə yetişsinlər.

İlahi! Bu kövrək fidanları qüvvətləndir ki, hər biri hədsiz təravət və lətavət içində olan barlı-bəhrəli ağaca çevrilsin. Öz ilahi qoşunlarının köməyilə onlara qələbə və zəfər bəxş eylə ki, cəhalət və azğınlıq ordusunu darmadağın etsinlər, insanlar arasında yoldaşlıq və hidayət bayrağını ucaltsınlar, bahar nəsimi tək insanların ruh ağaclarına təravət bəxş etsinlər, onları canlandırsınlar və yaz yağışı kimi, o diyarın çəmənliyini yaşıl və bərəkətli etsinlər.

Sən Qüvvətli və Qüdrətlisən; Sən Ətaedən və Sevənsən.

-`Abdu'l-Bahá
-----------------------

Gənclər üçün dualar (#4738)

Sən Ey mehriban Allah! Bu mələkut qızına Öz səmavi təyidini bəxş eylə və mərhəmətlə ona kömək eylə ki, Sənin Əmrində möhkəm və səbatlı qalsın, əsrarəngiz gülşənin bülbülü kimi Əbha Mələkutunda ecazkar avazla oxusun və bununla hamıya şadlıq və sevinc gətirsin.

Onu mələkut qızlarının arasında ucalt və əbədi həyata çatmağa qadir eylə.

Sən Ətaedən və Sevənsən.

-`Abdu'l-Bahá
-----------------------

Gənclər üçün dualar (#4739)

Alqış və şükrlər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Bu seçilmiş bir fidandır ki, Sənin məhəbbət çəmənliyində Özün əkmisən və Rəbbanilik əlləri ilə bəsləmisən. Sən Öz vahidlik bağçandan axan əbədi həyat çeşməsindən onu suvarmısan və onun üzərinə Öz buludlarından nemət yağışları yağdırmısan. O indi Sənin İlahi Zühur Məşriqindən doğan lütflərinin kölgəsində böyüyüb, boy atıb. Sənin səxavət və kəramətinin ecazkar bəxşişləri sayəsində yarpaqlayıb, çiçək açıb, bar verib və Sənin inayətinin yelləri ilə əsməkdədir.

Ya Rəbb! Öz xüsusi mərhəmət və nemət buludunun damlaları ilə bu cavan ağacı yaşıl, təravətli və çıçəklənən eylə - o nemət və mərhəmət ki, əbədiyyət səltənətində müqəddəslik mücəssəmələrini və vüsal səhnəsində Allahın birlik cöhvərlərini ona layiq görmüsən.

Ya Rəbb! Sənin qeyb Səltənətindən olan gücləndirici fəzlinlə ona yardım eylə, bəndələrinin gözlərindən gizli qalan səmavi qoşunlarla ona kömək et və Sənin hüzurunda ona yəqinlik ayağı əta eylə. Onun dilini aç ki, Sənin zikrini söyləsin və könlünü fərəhləndir ki, Sənin tərifini ucaltsın. Onun üzünü Sənin Mələkutunda nurlandır, onu Öz Cəbərutunda müvəffəq eylə və Sənin Əmrinə xidmət etməkdə səxavətlə ona yardım eylə.

Həqiqətən, Sən Ən Qüdrətli, Ən Cəllallı və Qadirsən.

-`Abdu'l-Bahá
-----------------------

Gənclər üçün dualar (#4740)

Ya Rəbb! Bu gənci işıq saçan eylə və Öz nemətini bu fəqir varlığın üzərinə yağdır. Ona həqiqi bilik əta eylə, hər dan yeri açılanda ona yeni güc bəxş eylə və onu Öz mühafizə çadırında qoru, ta ki, o, səhvlərdən azad olsun, özünü Sənin Əmrinə xidmətə həsr etsin, yolunu azmışlara yol göstərsin, biçarələri yönəltsin, əsirləri azad etsin, qafilləri oyatsın ki, hamı Sənin zikrin və tərifinlə xeyr-dua alsın. Sən Qüdrətli və Qüvvətlisən.

-`Abdu'l-Bahá
-----------------------

